Ağlama anacan, sil göz yaşını,
Bu fani dünyanı dərdlə yaşama.
Mən şəhid olmuşam yerim cənnətdir
Sən də qara geyib, qara bağlama..
Gecəni yuxusuz, oyaq qalanda,
Mənim də yuxuma haram qatırsan.
Sən hər ağlayanda , hər sızlayanda,
Günahlar içində qəmə batırsan..
Göynətmə qəlbini əziz anacan,
Ağaran saçına sığalam sənin.
Boğazda qəhərdən düyün bağlayan,
O, dərdli yarana məlhəməm sənin.
Nə olar incitmə mərdlik ruhumu,
Axı mən canından bir can olmuşam.
Sənin damarında axan qanından
Mən vətən sevdalı insan olmuşam..
Göynətmə qəlbini əziz anacan,
Ağaran saçına sığalam sənin.
Boğazda qəhərdən düyün bağlayan,
O, dərdli yarana məlhəməm sənin.
Ağlama anacan, sil göz yaşını,
At kənar, ürəkdən qəmin daşını.
Mən şəhid olmuşam yerim cənnətdir,
Qürurlan, fərəhlən, dik tut başını.
Göynətmə qəlbini əziz anacan,
Ağaran saçına sığalam sənin.
Boğazda qəhərdən düyün bağlayan,
O, dərdli yarana məlhəməm sənin.
Ağlama anacan, sil göz yaşını...