Son sözü əvvəldən gətirmə dilə,
Qırma ümidimi, bir insaf elə.
Min dəfə yox deyib and içsən belə,
Hələ ümidimi üzməmişəm mən.
Su gələn kəhrizə bir də gələcək,
Qismətin üzümə bir də güləcək.
Deyirlər ən sonda ümid öləcək,
Hələ ümidimi üzməmişəm mən.
Nə qədər naz etsən dözəcəyəm mən,
Elə düşünmə ki, bezəcəyəm mən.
Bir ömür arxanca gəzəcəyəm mən,
Hələ ümidimi üzməmişəm mən.
Qış gedər, yerinə gələr ilk bahar,
Hər zülmət gecənin bir sabahı var.
Bu tale işidir, nə bilmək olar,
Hələ ümidimi üzməmişəm mən.